Neftçala rayonunda kənd təsərrüfatı bitkilərinin suvarılması davam edir. Bunun üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Neftçala Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən meliorativ tədbirlər görülür. Suvarmanın təmin edilməsi üçün idarənin balansında olan 48 nasos stansiyadan, 1026 kilometr suvarma kanallarından və onların üzərində yerləşən 1394 hidrotexniki qurğudan istifadə edilir. Suvarma mövsümünə qədər bütün nasos stansiyalarda təmir işləri aparılıb və hər biri saz vəziyyətə gətirilib. Balansda olan suvarma kanallarından 70 kilometri beton üzlüklü, 54 kilometri isə torpaq məcralı kanallardır.
Bu barədə AZƏRTAC-a ADSEA-dan məlumat verilib.
Bu il Neftçala rayonunda pambıq, taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərdən bol məhsul gözlənilir. Fermerlərin sözlərinə görə, normalara uyğun olaraq suvarma suyu əldə edə biliblər. Əkdikləri bitkiləri vaxtında suvardıqları üçün məhsul yığımı zamanı yüksək sentner gözlənilir. Hazırda 19 min hektara yaxın sahədə taxıl, 7700 hektar pambıq, 9400 hektar yonca və digər əkinlərin suvarılması aparılır.
İdarənin qarşısında duran əsas vəzifələrdən biri də suvarma suyunun itkisiz, maneəsiz və daha sürətli şəkildə su istifadəçilərinə çatdırılmasıdır. Bunun üçün son illər balansdakı nov kanal sistemi yenilənir, kanallar beton üzlüyə alınır, torpaq məcralı kanallar isə mütəmadi olaraq lildən təmizlənir.
Qeyd edək ki, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əkin sahələrinin suvarılmasını həyata keçirməklə bərabər, rayonda yaşayan əhalini fasiləsiz, keyfiyyətli və dayanıqlı içməli su ilə təminatını yerinə yetirir. İdarə tərəfindən Neftçala rayonunda 8843 abonent 24 saat su ilə təmin olunur. Bunun üçün ümumi uzunluğu 76 kilometrə yaxın içməli su kəmərindən istifadə edilir.