ABŞ Prezidenti Donald Tramp administrasiyası batareyalar və nadir torpaq elementlərinin təchizat zəncirlərində Çinin dominantlığına qarşı mübarizə məqsədilə Sakit okeanın dibindən çıxarılan metallardan ehtiyatların yaradılmasına imkan verəcək bir sərəncam hazırlayır.
Axar.az “Faynənşl Tayms”a istinadən xəbər verir ki, milyonlarla il ərzində yüksək təzyiq altında formalaşan və kartof böyüklüyündə olan konkresiyalar (mineral təbəqələşmələr) nikel, kobalt, mis və manqan kimi batareyalarda, elektrik keçiriciliyində və silahlanmada istifadə olunan metallar, həmçinin nadir torpaq elementlərinin izlərini ehtiva edir.
Məlumata görə, ABŞ kritik əhəmiyyətli minerallarla özünü təmin etməyə çalışır. Bundan əlavə, Tramp administrasiyası Ukraynaya faydalı qazıntılar üzrə razılaşma bağlamaq üçün təzyiqləri davam etdirir, eyni zamanda Qrenlandiyanı ələ keçirmək və Kanadanı ilhaqla hədələyir.
Trampın birinci prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurası Aparatının rəhbəri olan Aleksandr Qrey bildirib ki, Çin dərin dəniz bölgələrini ABŞ ilə iqtisadi və hərbi rəqabətdə “ön cəbhə” kimi görməyə başladığı üçün Ağ Evin diqqəti dənizdibi hasilata yönəltməsi məntiqlidir.
Dəniz dibindən çıxarılan bu cür polimetallik konkresiyaların strateji ehtiyatının yaradılması ABŞ-a Sakit okeanın resurslarla zəngin bölgələrinin mənimsənilməsi üzrə Çinlə rəqabətdə geri qalmağı aradan qaldırmağa kömək edəcək.