Ceyhun Məmmədov – Azərbaycan enerji ixracı potensialı imkanlarını genişləndirir

 

Ötən həftə cənab Prezidentin Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxışı zamanı olduqca vacib məsələlərə toxundu. Xüsusən də Şərqi Zəngəzurun ölkəmiz üçün əhəmiyyətini vurğuladı. Şərqi Zəngəzurun bir çox aspektdən bizim üçün önəmi var. Birinci siyasi əhəmiyyəti ondadır ki, bu layihə Azərbaycanı Türkiyə ilə birləşdirəcək əsas yollardan biridir. Eyni zamanda, nəinki Azərbaycanı, həm də burada orta dəhliz və digər layihələr baxımından da Şərqi Zəngəzurun xüsusi əhəmiyyəti var.
Bu gün qlobal güclər, müxtəlif dəhlizlər üzərində düşünürlər. Şərqi Zəngəzur Asiya ilə Avropanın birləşməsinə öz töhfəsini verə bilər. Xüsusilə, yüklərin sürətli daşınması, daha ucuz başa gəlməsi baxımından xüsusi önəm daşıyan bir layihədir.

Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yaşıl enerjiyə üstünlük verir. Gələcək plan işğaldan azad edilmiş ərazilərdə istehsal olunan yaşıl enerjinin xaricə ixrac olunmasıdır. Hətta enerjinin Türkiyə vasitəsilə Avropaya ixracı məsələsi də gündəmdədir.

Eyni zamanda Cənab Prezident çıxışında Qarabağda və Şərqi Zəngəzurda təxminən 30-a yaxın elektrik stansiyası üzərində işlərin yekunlaşdığından söhbət açdı. Eyni zamanda bu ərazilərdə mərkəzləşdirilmiş enerji paylayıcıları mərkəzi yaradılıb və sistemləri qurulub. Bütün bunlar gələcəyə hesablanmış olduqca önəmli addımlardır.

Tədbirdə bir sıra memorandumlar imzalandı. Bu memorandumların tarixi hesablanmış dəyəri var. Yaşıl enerji məsələsi Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın son illər həyata keçirdiyi önəmli layihələrdən biridir. Azərbaycan bu prosesdə mühim rol oynayır. Məqsəd artıq yaşıl enerjidir. Çox qlobal layihələrə Azərbaycan imza atdığını görürük.

Cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın çox zəngin, böyük günəş enerjisi, külək enerjisi potensialı var. Artıq bildiyimiz kimi Qaradağda, Qarabağda və digər ərazilərdə bu istiqamətdə çox ciddi layihələr həyata keçirilir. Bu həm də ekoloji baxımdan önəmlidir. Burada ən vacib məsələ isə getdikcə dünyamızda daha çox elektrik enerjisinə tələbat olacaq. Azərbaycan dəniz vasitəsilə bu enerjinin ixracını planlaşdırır. Bu həm ekoloji, həm xərclər, həm də ölkəmizə əlavə vəsaitlərin cəlbi baxımından olduqca önəmli bir məsələdir. Bu gün biz neft-qaz ixracından vəsait qazanırıq. Gələcəkdə yaşıl enerji əsasında Azərbaycanın istehsal etdiyi elektrik enerjisini də biz artıq xaricə ixrac edəcəyik.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

 

Bənzər xəbərlər