Azərbaycanın hazırda investorlarla imzaladığı müqavilələrin əksəriyyəti günəş enerjisi ilə bağlıdır və günəş enerjisinin inkişafına əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova ADA Universitetində keçirilən “İnnovativ yollarla yaşıl gələcəyə doğru” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, hazırda Azərbaycanın günəş enerjisi potensialı 23 meqavatdır.
“Bərpaolunan enerji sahəsində layihələr davam edir və ümid edirik ki, nəticələr 2025-ci ilin sonuna qədər özünü göstərəcək. Biz hazırda dənizdəki potensialımızı ölçmək üçün “Nida” enerji sistemindən istifadə edirik. Enerji sistemi üzrə modelləşdirmə çox vacibdir. Ötən il biz tədqiqatı yalnız daxili bazarda apardıq. Bu çox vacib tədqiqat idi. Onlar, həmçinin elektrifikasiya, enerji səmərəliliyi tədbirlərini, eləcə də mobillik, müdafiə ssenarilərini əhatə edirdi. Ən vacib məsələ yaşıl enerji dəhlizlərinə dair tədqiqatımızı daxili bazarla birləşdirmək, inteqrasiya etməkdir. Çünki bu təkcə bizim üçün deyil, bütün tərəfdaşlarımız üçün çox əhəmiyyətlidir”, deyə direktor müavini qeyd edib.