Rusiya Prezidenti Vladimir Putin bir-biri ilə konfliktdə olan müzakirəçiləri Səudiyyə Ərəbistanına ABŞ-la danışıqlara göndərib. Şəxsi düşmənçilik şəraitində rusiyalı nümayəndələr amerikalıların qarşısında kürsü üstündə dava ediblər.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Agentlik” layihəsi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əvvəlcə Səudiyyə Ərəbistanına yalnız xarici işlər naziri Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakovun getməsi planlaşdırılıb:
“Lakin Rusiya lideri qəfildən xüsusi nümayəndəsi Kirill Dmitriyevi nümayəndə heyətinə qatıb, Lavrova isə bu barədə xəbərdarlıq edilməyib”.
İdda olunub ki, Lavrov əsəbiləşib və Dmitriyevə danışıqlar otağında kürsü verməkdən imtina edib:
“Amerikalılar buna çaşqınlıqla baxıblar. Lavrov kürsünü masadan geri itələyərək deyib ki: “Əgər o, (Dmitriyev) iştirak etmək istəyirsə, bu barədə Vladimir Vladimiroviç mənə şəxsən desin”. Bundan sonra Dmitriyev zalı tərk edərək jurnalistlərlə söhbət etmək üçün dəhlizə çıxıb”.
Mənbə vurğulayıb ki, Dmitriyev nəhayət danışıqlar masası arxasına otura bilib:
“Texniki fasilələrdən birində Lavrov zalı tərk edib və geri qayıdanda Dmitriyevi artıq masa arxasında görüb. Amerikalılar da ora qayıtdığına görə Lavrov mübahisədən çəkinib. Dmitriyev isə ona “mən ən azı 15 dəqiqə oturmalıyam” deyib”.