Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının BƏYANATI

    Mədən Sənayesində Şəffaflığın Artırılması(MSŞA) Koalisiyasının Şura üzvü, Kanal13 internet televiziya kanalının rəhbəri Əziz Orucov 27 noyabr 2023 ildə polis  əməkdaşları tərəfindən saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılmışdır. Məhkəmənin qərarı ilə 3 ay qəti həbs tədbiri seçilmişdir. Lakin bir ay sonra Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülmüşdür.

   Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Əziz Orucov artıq bir ildir ki, qondarma ittihamlarla həbsdə saxlanılır və o, bu günə qədər keçirilmiş məhkəmə iclaslarında bütün bu ittihamları rədd etmiş, həbsinin ictimai fəaliyyəti, daha çox  jurnalistlik fəaliyyəti ilə  birbaşa əlaqəli olduğunu bəyan etmişdir.

    Bu Əziz Orucovun ikinci həbsidir, bundan öncə o, 2016-cı ildə həbs edilmiş, barəsində məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrum etmə cəzası verilib. Lakin Əziz Orucovun ardıcıl apardığı hüquq davasının nəticəsi olaraq 1 ildən sonra Ali məhkəmənin qərarı ilə 3 il şərti azadlığa buraxılıb.

   MSŞA Koalisiyası olaraq biz Əziz Orucovun həbsini “MSŞT Standartının 1-ci tələbinin 1.3 a, b, c bəndlərinin və 5- ci Protokolunun  “Vətəndaş Cəmiyyətinin iştirakı” adlı bölümün İfadə etmə (2.1- ci maddəsi) və Fəaliyyət (2.2- ci maddəsi) azadlığının pozulması kimi qiymətləndiririk.

MHŞT standartlarının Vətəndaş cəmiyyəti protokolunda xüsusi qeyd olunur ki,“vətəndaş cəmiyyəti MSŞT ilə bağlı məhdudiyyətsiz, məcburiyyət və repressiyaya məruz qalmadan öz fikirlərini ifadə edə, sərbəst şəkildə fəaliyyət göstərə bilirlər”.

  Məlumdur ki, iki həftə sonra Azərbaycan iqlim dəyişikliyinə həsr olunmuş, olduqca mötəbər dünya miqyaslı bir tədbirə, COP 29-a ev sahiblik edəcək. Əlbəttə ki, belə bir əhəmiyyətli tədbir öncəsi  və sonra bütün dünyanın, xüsusilə, mütərəqqi və demokratik ictimaiyyətin, beynəlxalq təşkilatların diqqəti ölkəmizdə olacaq. İqlim dəyişikliyinə qarşı səmərəli mübarizədə insan hüquqları və azad vətəndaş məkanı əsas dəyərlərlərdir, ədalətli enerji keçidinin təminində vətəndaş cəmiyyətinin rolu mühümdür. Yaranmış bu stiuasiyada MSŞA Koalisiyası olaraq Azərbaycan hökumətini

  • Haqqında ədalətsiz məhkəmə qərarları çıxarılmış bütün ictimai-siyası xadimlərin, o cümlədən, himayəsində iki azyaşlı uşaq və xəstə anası olan, MSŞA Koalisiyasının Şura üzvü Əziz Orucovu azad etməyə,
  • Üzun müddət MHŞT Beynəlxalq İdarə heyəti və MSŞA Koalisiyasının Şura üzvü olmuş, professor Qubad İbadoğluna qarşı irəli sürülmüş əsassız ittihamlara xitam verməyə,
  • Müstəqil Vətəndaş Cəmiyyətinin fəaliyyətinə yönəlik bütün siyasi, hüquqi-inzibati baryerləri aradan qaldırılmağa, o cümlədən, ölkəmizdə xarici donorların fəaliyyətinə qoyulmuş bütün hüquqi məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.

Hesab edirik ki, atılacaq bu addımlar  yerli və beynəlxalq ictimaiyyət tərəfindən COP 29 öncəsi ölkəmizin demokratik imicinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlədən biri olaraq qəbul ediləcək.

Bənzər xəbərlər