Ceyhun Məmmədov: “Şuşa Bəyannaməsi”nin imzalanmasından 3 il ötür

2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı. Azərbaycanla Türkiyə tarixdə heç zaman bu qədər bir-birinə yaxın olmamışdır. Hazırda dünyada bu iki qardaş ölkə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Bu baxımdan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri bugünkü reallığı tam əks etdirir.

Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı.

Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yeni müstəviyə qaldırmaq idi. Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artırmaqda, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin etməkdə, gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirməkdəkdir. Şuşa Bəyannaməsi ilə Qarabağda edilən investisiyaların həcmi artır, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə yatırımları edilir, yeni sıx əməkdaşlıqlar yaradılır.

Həmçinin əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradır. Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır.

Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Bu tarixi bəyannamə ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcəkdir.

Tarixi oxşar Azərbaycan və Türkiyə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə regionda sabitlik də buna paralel olaraq artacaqdır.

Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır!

Bu bəyannamənin imzalanması həm də 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.

Ermənistan anlamalıdır ki, Sülh bu ölkə üçün yeganə çıxış yoludur. Hazırda Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Qarabağda miqrasiya problemi daha qabarıqdır. Əhali bölgədən qaçmağa çalışır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq.

Azərbaycan əraziyə yeni sərmayə qoyuluşuna ciddi hazırlaşır. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin yaşayışındakı, durumundakı fərqlər, ticarət imkanları, iş yerləri, sənayenin inkişafı Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək. Ermənistan nə qədər ki, gec deyil Azərbaycanın yaratdığı bu reallıqdan və şansdan yararlanmalıdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Bənzər xəbərlər