Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ilə Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri Rik Uilson arasında görüş keçirilib.
Qonaqları salamlayan kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sahədə həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış liberal bazar iqtisadiyyatı, eləcə də kənd təsərrüfatının inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüş zamanı qlobal iqlim dəyişikliyinin aqrar sahəyə təsiri məsələsinə toxunulub. Nazir müavini Elçin Zeynalov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə verdiyi böyük önəmin və ekoloji təhdidlərə qarşı birgə mübarizə sahəsində müasir çağırışlara və tendensiyalara dəstəyin təzahürüdür. Vurğulanıb ki, yaşıl enerji zonası elan edilən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, bu ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi və ekosistemin bərpa olunması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Nazir müavini ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Avstraliyalı iş adamlarını bu sərgidə fəal iştiraka, həmçinin etibarlı və əlverişli biznes mühitini nəzərə alaraq Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırıb.
Rik Uilson isə öz növbəsində ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Tərəflər Azərbaycanla Avstraliya arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.