Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov aprelin 25-də Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Göyçay rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən aqrar sığorta haqlarının ödənişi və digər məsələlərlə bağlı olub.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaş qəbulundan sonra Aqrar Sığorta Fondunun sədri Göyçay rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb, aqrar sığorta mexanizmi və dövlət dəstəyi barədə məlumat verib, onların suallarını cavablandırıb.