Şahbuz rayonunda torpaqların münbitliyinin artırılması diqqət mərkəzindədir

Şahbuz rayonunda qapalı suvarma şəbəkəsinin qurulması, yeni sahələrin əkin dövriyyəsinə qatılması torpaqların münbitliyinin artırılması məsələsini gündəmə gətirib. Rayonda torpaq mülkiyyətçilərinin, bələdiyyə nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən seminar-müşavirə də bu məsələyə həsr olunub.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rayonun Daylaqlı kəndində keçirilən seminar-müşavirədə müvafiq təşkilatların nümayəndələri torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə, mülkiyyətçilərin hüquqları mövzusunda ətraflı məlumat veriblər. Gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, aqrotexniki tədbirlərin, o cümlədən növbəli əkin sisteminin tətbiq edilməsi və düzgün aparılması məsələləri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, seminar-müşavirə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq, bu cür tədbirlərin keçirilməsi bundan sonra da davam etdiriləcək.

Bənzər xəbərlər