Biləsuvarda meyvə yığımı uğurla davam edir. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.
Rayon statistika idarəsindən bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən ayları ərzində rayonda mövcud olan 1508.8 hektar meyvə bağından 6 min 81 ton meyvə toplayıblar. Yığılmış məhsulun 210 tonunu alma, 324 tonunu armud, 264 tonunu ərik, 96.4 tonunu albalı, 989.3 tonunu alça, 173 tonunu gilas, 364 tonunu gavalı, 107.1 tonunu şaftalı, 84 tonunu fındıq, 2 min tonunu nar, 732.7 tonunu heyva, 1 tonunu limon, 2 tonunu feyxua, 16 tonunu xurma təşkil edib. Bağbanlar, həmçinin bağlardan 232.2 ton giləmeyvə də toplayıblar.
Rayonda meyvə yığımı ilin sonunadək davam edir.


