Aqrar Sənaye Kompleksi dedikdə bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur. Onun əsas vəzifəsi əhalinin ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir. ASK-nin tərkibində kənd təsərrüfatı aparıcı rol oynayır. Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli torpaq — iqlim şəraiti mövcuddur. Ölkədə adambaşına 0,2 hektar torpaq sahəsi düşür.
Azərbaycanın kənd təsərrüfatında bitkiçilik heyvandarlıqdan üstün inkişaf edib. Kənd təsərrüfatı məhsulunun 61%-ni bitkiçilik, 39%-ni isə heyvandarlıq verir. Əkinə yararlı torpaq sahələrinin geniş yayılması, fəal temperatur cəminin böyük olması Azərbaycan düzənliklərində əkinçiliyin heyvandarlığa nisbətən yaxşı inkişaf etməsinə səbəb olub.
Azərbaycanda kənd təsərrüfatına iki böyük sahə – əkinçilik və heyvandarlıq daxildir.
Əkinçilik Azərbaycanın əlverişli iqlim şəraiti, torpaq örtüyü əkin sahələrində müxtəlif növ bitkilərin becərilməsinə imkan verir. Xüsusilə pambıqçılıq, tərəvəzçilik, tütünçülük və üzümçülük Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmış sahələri hesab olunur və bu sahələr əsasən Azərbaycanın daxili tələbatını ödəyir.
Tərəvəzçilik üzrə Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşıb. Xaçmaz zonası gecyetişən, Lənkəran zonası isə faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşıb. Bakı və Gəncə ətrafındakı istixanalarda xeyli tərəvəz yetişdirilir. Son illər Ağdaşda kələm sahələri genişləndirilmişdir.
Bostançılıq Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib. Kürdəmir öz yemişi, Sabirabad və Zirə isə öz qarpızı ilə məşhurdur.
Kartofçuluq dəmyə şəraitində Azərbaycanın Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən, Xanlar və Qusar rayonlarında becərilir. Yerli kartof əhalinin tələbatını ödəmədiyindən xaricdən kartof alınır.
Bağçılıq (meyvəçilik) Azərbaycanın kənd təsərrüfatı-nın ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Zaqatala-Şəki, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan Muxtar Respublikası (MR), quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, Cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ənciri meyvəçilik rayonu Qubadır. Istehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.
Azərbaycanda ixtisaslaşma dərəcəsinə görə bir-birindən fərqlənən 3 qrup kənd təsərrüfatı rayonu var:
1. Suvarılan kənd təsərrüfatı rayonları (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalıqları, Naxçıvanın Arazboyu düzənlikləri);
2. Dəmyə kənd təsərrüfatı rayonları (dağətəyi və orta dağlıq əraziləri);
3. Otlaq və heyvandarlıq rayonlar.
Azərbaycanda kənd təsərrüfatında hələ ixtisaslaşmamış sahələri isə baramaçılıq, arıçılıq, çəltikçilik və sairədir.
Ölkə təssrüfatının tam ixtisaslaşmış sahələri-pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülükdür.
Pambıqçılıq
Pambıq Azərbaycanın ən çox gəlir gətirən, strateji bitkisi olub, həm yüngül, həm də yeyinti sənayesi üçün xammaldır. Qafqazda, xüsusilə Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, XV əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir.
Pambıq Kür-Araz ovalığının boz, boz-qonur və boz-çəmən torpaqlarında əkilir. Azərbaycanda pambıq parça istehsal edən müəssisələr az olduğundan pambığın çox hissəsini xaricə göndərilir. Xammal istehsalı bu ərazidə yerləşdiyindən Azərbaycanın bütün pambıqtəmizləmə zavodları Kür-Araz zonasında yerləşir.
Bu gün ümumilikdə, ölkə üzrə pambıq tədarükü 2009-cu ildə 31,9 min ton, 2010-cu ildə 37,3 min tona çatıb. 2009-cu ildə 21 min hektar olan pambıq əkini sahələri, 2010-cu ildə 30 min hektara çatıb. Bu il isə 41 min hektar pambıq sahələri üzrə müqavilələr imzalanmışdır.
Taxılçılıq
Kənd təsərrüfatı bitkiləri arasında taxıl (buğda, qarğıdalı, çəltik, arpa və s.) istehsalı birinci yer tutur. Bu sahə Azərbaycanın ən qədim bitkiçilik sahəsidir. Azərbaycanın dağlıq və dağ ətəyi rayonlarında dəmyə, aran rayonlarında isə suvarılan taxılçılıq inkişaf etmişdir.
Azərbaycanda sarıbuğda, gurgəni, qaraqılçıq, xırdabuğda, gülüsər, kərə, Qarabağ buğdası, ağ buğda, səkiləbuğda, qaragiləbuğda topbaşbuğda, ağ arpa, qara arpa, şeşəri arpa, qılıcı arpa növləri əkilib becərilir.
Taxıl əkini sahəsinin üçdə birini tutan arpa bitkisi buğda əkin sahələri ilə üst-üstə düşür. Qarğıdalı əkin sahələri isə Şəki-Zaqatala zonasında üstünlük təşkil edir. Son illərdə Azərbaycanda — Lənkəran və Şəki-Zaqatala bölgələrində çəltikçilik (düyü) inkişaf edib.
Hazırda ölkədə əkinəyararlı torpaqların 60 %-də dənli taxıl bitkiləri əkilib. Məqsəd ölkənin taxıla olan tələbatını ödəmək, eyni zamanda çörəyin qiymətinin artmasının qarşısını almaqdır. Bu məqsədlə 2010-cu illə müqayisədə 2011-ci ildə 6 min hektardan artıq sahədə dənli taxıl bitkiləri əkilib.
Üzümçülük
Azərbaycanda üzümçülük hələ qədim zamanlardan bəri kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə malik olmaqla geniş sənaye xarakteri daşımışdır. Bu gün də ölkə iqtisadiyyatının yüksəldilməsi nöqteyi-nəzərindən üzümçülük prioritet sahələrdən biri sayılır.
Son 2 ildə Xanlar, Samux, Tovuz, Qəbələ, Yevlax və başqa rayonlarda geniş sahələrdə plantasiyalar salınıb. Xarici ölkələrdən mütəxəssislər dəvət olunub. İndi respublikanın müxtəlif bölgələrində Fransa, Italiya, Ispaniya, Iran, Gürcüstan, Moldova, Ukrayna, Özbəkistan və s. ölkələrdən gətirilmiş 70-dən artıq yüksək üzüm sortu əkilir.
Tütünçülük
Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitki sayılır.
Vaxtilə ölkə üzrə istehsal olunan tütünün təxminən 50 faizi Zaqatala və Qax rayonlarının payına düşürdü. Son illər bu sahəyə diqqətin atrması tütünçülüyün bərpasına və inkişafına səbəb olub. Keçmiş tütünçülər hazırda fermer təsərrüfatları yaratmağa böyük maraq göstərirlər. Hesablamalara görə, hazırda yüzə yaxın fermerin, bütövlükdə isə 3 min nəfərin əsas gəlir mənbəyi tütünçülükdür.
Azərbaycanda «Samsun», «Trabzon» və «İtiyarpaq» kimi qiymətli tütün növləri əkilir.
2010-cu ildə tütün istehsalı 3243 ton təşkil etmişdir. 2009-cu illə müqayisədə ötən il 634 ton tütün yarpağı məhsulu çox istehsal olunmuşdur.
Bağçılıq (meyvəçilik) və tərəvəzçilik (bostançılıq)
Azərbaycanın kənd təsərrüfatını ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Zaqatala-Şəki, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, Cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşmışdır. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.
Tərəvəzçilik üzrə Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşmışdır. Xaçmaz zonası gecyetişən, Lənkəran zonası isə faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşıb. Bakı və Gəncə ətrafındakı istixanalarda xeyli tərəvəz yetişdirilir. Son illər Ağdaşda kələm sahələri genişləndirilib.
Bostançılıq Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib. Kürdəmir öz yemişi, Sabirabad və Zirə isə öz qarpızı ilə məşhurdur.