Ekoloji təmiz kənd təsərrüfatı haqqında

Ekoloji təmiz kənd təsərrüfatı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil

 

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

 

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. ekoloji təmiz kənd təsərrüfatı – kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və sertifikatlaşdırılması;

1.1.2. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları – ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal olunan, habelə satılan məhsullar;

1.1.3. ekoloji müşahidə – ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsini araşdırmaq, müşahidələr və təhlillər aparmaqla məlumatlar hazırlayıb müvafiq orqanlara və təsərrüfat subyektlərinə təqdim etmək üçün fəaliyyət;

1.1.4. ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma – ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğun istehsal və emal edilməsi barədə ekoloji müşahidə orqanının məlumatları əsasında uyğunluğu qiymətləndirən qurum tərəfindən həyata keçirilən sənədləşdirmə proseduru;[1]

1.1.5. ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya) dövrü – ənənəvi kənd təsərrüfatı üsulundan ekoloji təmiz kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılmasına qədər olan müddət;

1.1.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları – ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd;

1.1.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı – ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının nümayişi və satışının təşkili məqsədi ilə onların etiketində nəşr və ya qrafik təsvir formasında göstərilən nişan;

1.1.8. aqroekosistem – kənd təsərrüfatı məhsullarının əldə olunmasında iştirak edən torpaq sahələrini, tarlaları, heyvanları, meşələri, təbii yem sahələrini, su hövzələrini və insanları əhatə edən ekoloji sistem;

1.1.9. genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələri – gen mühəndisliyi metodlarının tətbiqi ilə yeni genetik kombinasiyaya malik canlı orqanizmlər və onların təkrar istehsalından əldə olunmuş törəmə məhsullar.

1.2. Bu Qanunda işlədilən “ekoloji təmiz” anlayışı beynəlxalq qanunvericilikdə işlədilən “bioloji”, “üzvi” və “təbii” anlayışları ilə eyni mənanı ifadə edir.

Maddə 2. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

2.1. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Standartlaşdırma haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Meşə bitkilərinin və vəhşi heyvanların istifadəsi, kənd təsərrüfatı məhsullarının kimyəvi-sintetik (süni) maddələrin tətbiqi ilə istehsalı, daşınması, saxlanması və istifadəsi ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 3. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi

 

3.0. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi aşağıdakı ekoloji , sosial və iqtisadi məsələlərin həllinə nail olmaqdır:

3.0.1. ekoloji təmiz kənd təsərrüfatının tətbiqi əsasında keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına və onların insan sağlamlığı üçün təhlükəsizliyinə;

3.0.2. torpağın münbitliyinin və strukturunun bərpasına, qorunmasına, saxlanmasına və artırılmasına;

3.0.3. ətraf mühitin mühafizəsinə və sağlamlaşdırılmasına;

3.0.4. təbii ehtiyatlardan səmərəli istifadə olunmasına;

3.0.5. bazarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsinə və bu sahədə rəqabətin formalaşdırılmasına;

3.0.6. istehlakçıların hüquqlarının müdafiəsinə;

3.0.7. kənd yerlərinin davamlı iqtisadi inkişafı üçün alternativ fəaliyyət növlərinin təklif edilməsinə.

Maddə 4. Ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri

 

4.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı ümumi prinsiplərə əsaslanır:

4.0.1. istehlakçıların həyatını, sağlamlığını, təbii ehtiyatların və ətraf mühitin mühafizəsini təmin edən sabit və balanslaşdırılmış aqroekosistemin yaradılması;

4.0.1-1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi;[2]

4.0.2. kənd təsərrüfatı işlərinin gedişində kimyəvi-sintetik (süni) maddələrin istifadəsindən imtina edilməsi, hər hansı çirkləndirici və potensial təhlükəli texnologiyaların tətbiqinin qadağan edilməsi;

4.0.3. torpağın təbii imkanları ilə ekoloji təmiz kənd təsərrüfatının harmoniyasına şərait yaradan bitki növlərinin və sortlarının becərilməsi, həmçinin heyvanların səmərəli yetişdirmə və bəslənmə metodlarının seçilməsi yolu ilə biomüxtəlifliyin qorunması və artırılması;

4.0.4. yerli şəraitə yüksək dərəcədə uyğunlaşma xüsusiyyətlərinə malik, xəstəlik və zərərvericilərə genetik davamlı bitki sortlarından istifadəyə əsaslanan balanslaşdırılmış növbəli əkin sistemlərinin tətbiq edilməsi;

4.0.5. bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi;

4.0.6. qapalı təbii dövran üsulunu tətbiq etməklə torpağın təbii münbitliyinin daim sabit saxlanması və yüksəldilməsi, bitkiçilik və heyvandarlıq sistemlərinin inteqrasiyası;

4.0.7. ekoloji təmiz kənd təsərrüfatı məkanında torpaqların təbii bərpasının və özünütəmizləmə proseslərinin stimullaşdırılması, torpaqda çirkləndiricilərin toplanmasını məhdudlaşdıran və onların torpaqdan bitkiyə keçməsinin qarşısını alan, su hövzələrinin və atmosferin çirklənməsi mənbəyini nəzarətdə saxlayan səmərəli texnologiyaların tətbiqi;

4.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin könüllülük prinsipləri əsasında həyata keçirilməsi və genişləndirilməsi.

Maddə 5. Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimlənməsi

 

5.0. Ekoloji təmiz kənd təsərrüfatının tənzimlənməsində dövlətin vəzifələri aşağıdakılardır:

5.0.1. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırılması, markalanması, sertifikatlaşdırılması, saxlanması və satışını reqlamentləşdirən normativ hüquqi aktlar və normativlər təsdiq etmək və inkişafına dair xüsusi layihələr hazırlamaq;

5.0.2. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına dair milli standartların hazırlanmasını təşkil etmək;

5.0.3. ekoloji təmiz kənd təsərrüfatı sahəsində mövcud olan normativ hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;

5.0.4. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən qeyri-təbii və tətbiqi qadağan edilən təbii vasitələrin siyahısını təsdiq etmək;

5.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçidə dair qaydaları və bu fəaliyyətlə məşğul olmaq istəyən subyektlərin üzərinə düşən öhdəlikləri müəyyən etmək;

5.0.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkil edilməsinə yardım etmək, bu sahədə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin uçotunu aparmaq və onlar tərəfindən normativ hüquqi aktların və normativlərin tələblərinin yerinə yetirilməsinə, aqroekosistemin monitorinqinə dövlət nəzarətini həyata keçirmək;

5.0.7. ekoloji təmiz kənd təsərrüfatında istifadəsi qadağan olunan maddələrin və orqanizmlərin təyin edilməsi üçün müasir avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş müvafiq laboratoriyaların təşkilinə, mütəxəssislərin hazırlanmasına köməklik göstərmək;

5.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində ekoloji müşahidə orqanları və uyğunluğu qiymətləndirən qurumları və onların səlahiyyətlərini müəyyən etmək, onlara akkreditasiya attestatıvermək;[3]

5.0.9. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların uçotunu və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrini aparmaq və onların fəaliyyətinə nəzarət etmək;[4]

5.0.10. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş qurumların akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması və ya uyğunluğu qiymətləndirən qurum tərəfindən müəyyən edilmiş nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması halında nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi barədə qərar qəbul etmək;[5]

5.0.11. ekoloji təmiz kənd təsərrüfatı sahəsində elmi-tədqiqat işlərinin aparılmasını və kadr potensialının formalaşmasını nəzarətdə saxlamaq və planlaşdırılmasını həyata keçirmək;

5.0.12. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin maarifləndirilməsi və təhsili işini, informasiyanın yayılmasını təşkil etmək;

5.0.13. ekoloji təmiz kənd təsərrüfatına keçən təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması barədə təkliflər hazırlayıb müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

5.0.14. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emalı müəssisələrinin texnoloji avadanlıqlarını qeydiyyata almaq, onların attestasiyasının həyata keçirilməsinə və müvafiq uyğunluq sertifikatlarının verilməsinə nəzarət etmək;

5.0.15. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşmasına yardım etmək;

5.0.16. ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıqda Azərbaycan Respublikasını təmsil etmək, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

II fəsil

 

Ekoloji təmiz kənd təsərrüfatının təşkili

Maddə 6. Ekoloji təmiz kənd təsərrüfatına dair tələblər

 

6.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı tələblərə cavab verməlidir:

6.0.1. ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əməl olunması;

6.0.2. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna olmaqla sintetik mineral gübrələrdən, pestisidlərdən, boy hormonlarından (stimulyatorlardan), yeyinti məhsulları istehsalı prosesində istifadə edilən sintetik qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların dezinfeksiyasında ekoloji təhlükə yaradan kimyəvi vasitələrdən istifadə olunmasından imtina edilməsi;

6.0.3. ekoloji təmiz məhsul kimi sertifikatlaşdırılmış toxumlardan və əkin materiallarından ekoloji təmiz torpaqlarda istifadə olunması;

6.0.4. ekoloji təhlükə yaradan preparatlardan baytarlıq təbabətində istifadəyə yol verilməməsi;

6.0.5. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsindən imtina edilməsi;

6.0.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunması;

6.0.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emal şəraitinin beynəlxalq sanitariya-gigiyena qaydalarına uyğun olması, gigiyena standartlarının norma və tələblərinin yerinə yetirilməsi;

6.0.8. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində bitki və heyvan xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı, habelə profilaktika məqsədi ilə kimyəvi-sintetik (süni) maddələrdən məcburən istifadə olunduğu hallarda, həmin subyektlərin ekoloji təmiz kənd təsərrüfatı subyektləri siyahısından çıxarılması və onların bərpasının bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş müddətdən sonra təmin edilməsi;

6.0.9. kimyəvi-sintetik (süni) vasitələrdən məcburən istifadə edildiyi hallarda ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal olunan, həmçinin saxlanan kənd təsərrüfatı məhsullarının ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi dövriyyəsinin dayandırılması.

Maddə 7. Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər

 

7.0. Bitkiçilikdə aşağıdakı ekoloji tələblərə cavab verən əkinçilik sistemi tətbiq edilir:

7.0.1. torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, kompost, yaşıl gübrələr və s.) tənzimlənməsi;

7.0.2. müvafiq aqrotexniki üsulların seçilməsi və yalnız ekoloji cəhətdən təhlükəsiz və tətbiqinə icazə verilmiş təbii və qeyri-təbii vasitələrdən istifadə edilməsi;

7.0.3. növbəli əkinlərdə çoxillik və birillik paxlalı ot bitkilərinin, onların dənli paxlalı bitkilərlə qarışıq səpinlərindən istifadə olunması;

7.0.4. yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış, zərərverici və xəstəliklərə qarşı davamlı olan bitki növlərindən və sortlarından istifadənin genişləndirilməsi;

7.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçmiş və ya keçməkdə olan əkin sahələrinin kimyəvi-sintetik (süni) maddələr tətbiq olunduğu əkin sahələri ilə növbələşdirilməməsi;

7.0.6. toxumçuluqda ən azı bir il, çoxillik bitkilər isə iki il ekoloji təmiz kənd təsərrüfatı subyektlərində becərilmiş və ekoloji tələblərə uyğun sertifikatlaşdırılmış bitkilərdən alınan səpin və əkin materiallarından istifadə olunması;

7.0.7. bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki, fiziki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə olunması;

7.0.8. genetik modifikasiya olunmamış bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmamış kənd təsərrüfatı bitki materiallarından istifadə olunması. [6]

Maddə 8. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər

 

8.1. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər aşağıdakılardır:

8.1.1. ekoloji təmiz heyvandarlıq məhsulları istehsalı və ilkin emalında ekoloji cəhətdən zərərsiz texnologiyalardan istifadə olunması;

8.1.2. heyvanların çoxalmasında təbii üsullardan istifadənin genişləndirilməsi, xəstəliklərin qarşısının alınmasında tətbiqinə icazə verilən baytarlıq preparatlarından istifadə edilməsi;

8.1.3. ekoloji təmiz kənd təsərrüfatında xəstəliklərə davamlı, yerli şəraitə uyğunlaşdırılmış yüksək məhsuldar heyvan cinslərindən istifadə olunması;

8.1.4. biomüxtəlifliyin zənginləşdirilməsi və ekoloji təmiz kənd təsərrüfatında heyvandarlıqla bitkiçiliyin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi;

8.1.5. heyvanların yemləndirilməsində ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal edilən yemlərdən istifadə olunması;

8.1.6. yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədilə istifadəsinə yol verilməməsi;

8.1.7. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində heyvanların profilaktikası və müalicəsində, heyvandarlıq məhsullarının emalında və dövriyyəsində tətbiqinə icazə verilən baytarlıq preparatları və digər vasitələrdən istifadə edilməsi.

8.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl etməklə aşağıdakı hallarda yol verilir:

8.2.1. subyektin genişləndirilməsi üçün nəsil dəyişdirildikdə və ya subyekt yeni heyvan cinsi üzrə ixtisaslaşdırıldıqda;

8.2.2. təbii fəlakət və ya heyvanların kütləvi qırğını zamanı sürünün (naxırın) baş sayının bərpası həyata keçirildikdə;

8.2.3. heyvanların çoxaldılması üçün törədicilərin dəyişdirilməsinə ehtiyac olduqda.

Maddə 9. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları

 

9.1. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalına könüllü keçən və ya həmin məhsulların dövriyyəsi ilə məşğul olan və bu barədə müvafiq sənəd (sertifikat) almış hüquqi və fiziki şəxslərdən təşkil olunur.

9.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri iri sənaye mərkəzləri daxilində, zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında yerləşməməli, bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün ekoloji təmiz torpağa, suya, sağlam mal-qaraya və əlverişli əkinçilik şəraitinə malik olmalıdır.

9.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili aşağıdakı qaydada həyata keçirilir:

9.3.1. ekoloji təmiz kənd təsərrüfatı subyekti kimi fəaliyyət göstərmək istəyən hər hansı bir subyekt bu barədə ekoloji müşahidə orqanına müraciət etməlidir;

9.3.2. ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün tələblərini yerinə yetirmək üçün öz üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öhdəliklər götürməli və müvafiq tələblərə əməl etməlidir;

9.3.3. ekoloji müşahidə orqanı tərəfindən təsərrüfatda araşdırmalar, təhlillər və müşahidələr aparmasına lazımi şərait yaratmalı və bu orqanın tövsiyələrini yerinə yetirməlidir.

9.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsal edən subyektlərdə eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalına bir qayda olaraq yol verilmir. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.

9.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti statusu almış təsərrüfatlar istehsalı genişləndirmək və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz aralarında, müvafiq emal və satış subyektləri ilə kooperasiya əlaqələri yarada və müvafiq cəmiyyətlərdə və assosiasiyalarda birləşə bilərlər.

Maddə 10. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü

 

10.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına keçirilməsini və balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.

10.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir:

10.2.1. birillik bitkilər üçün – səpindən əvvəl 2 il;

10.2.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün – məhsul yığımından sonra 3 il;

10.2.3. yem bitkiləri və otlaqlar üçün – 2 il;

10.2.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün – 1 il;

10.2.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün – 12 həftə;

10.2.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün – 6 ay;

10.2.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün – 10 həftə;

10.2.8. arı ailələri üçün – 1 il.

10.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan sonra başlanır.

10.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən istehsal prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir.

10.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum həmin təsərrüfatda istehsal olunan məhsulların “keçid dövrünün məhsulu” adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar “keçid dövrünün məhsulu” kimi markalanmalıdır.[7]

10.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

III fəsil

 

Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidələr və sertifikatlaşdırma

Maddə 11. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin tanınması

 

11.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə və sonrakı fəaliyyətində bütün ekoloji standartlara, normativlərə və tələblərə əməl edən kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan sahibkarlara ekoloji müşahidə orqanının məlumatları nəzərə alınmaqla, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəyi əsasındaekoloji təmiz kənd təsərrüfatı subyekti olmasını təsdiq edən müvafiq sənəd (sertifikat) verilir.[8]

11.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə müvafiq sənəd (sertifikat) onların təqdim etdiyi aşağıdakı məlumatlar əsasında verilir:

11.2.1. subyektin adı və ünvanı;

11.2.2. fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin yerləşdiyi ərazi;

11.2.3. fəaliyyətin xarakteri və məhsulun növləri;

11.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qanunvericiliyin tələblərinə riayət edilməsi barədə subyektin öhdəliyi;

11.2.5. ekoloji təmiz kənd təsərrüfatı subyekti ilə işləyən ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların adı;[9]

11.2.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal edilən məhsulların ekoloji tələblərə uyğun olması barədə ekoloji müşahidə və uyğunluğu qiymətləndirən qurumlarınrəsmi təklifləri.[10]

11.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 12. Ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar[11]

 

12.1. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə orqanlar dövlət və ya xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət göstərirlər.[12]

12.1-1. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.[13]

12.2. Ekoloji müşahidə üzrə akkreditasiya edilmiş orqanlar və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar aşağıdakı tələblərə cavab verməlidirlər:[14]

12.2.1. kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı;

12.2.2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə məşğul olmamalı.

12.3. Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[15]

Maddə 13. Ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma

 

13.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.

13.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması və satışı ilə məşğul olan subyektlərə sertifikatlar bu sahədə müəyyən olunmuş milli standartların tələblərinə əməl edildiyi hallarda verilir.

13.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının, idarəetmə sistemlərinin sertifikatlaşdırılması qaydaları və sertifikatların nümunəvi formaları beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[16]

13.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının, toxumluq səpin və əkin materiallarının kodlarına onların bu məhsula aid olduğunu göstərən işarə və ya rəqəmlər əlavə edilir.

13.5. Ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarından keçmiş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına aşağıdakı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı vurulur:

13.5.1. ekoloji təmiz kənd təsərrüfatında nəzərdə tutulmuş metodlarla istehsal və emal olunduqda, qablaşdırıldıqda və markalandıqda;

13.5.2. bütün istehsal, emal və dövriyyə mərhələlərində ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarına məruz qaldıqda.

13.6. Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir.

Maddə 14. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları

 

14.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik tələblərinə görə ənənəvi kənd təsərrüfatı məhsullarına nisbətən daha ciddi və məcburi tələblərə, norma və qaydalara cavab verməlidir.

14.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanır və təsdiq edilir.

14.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları hazırlanarkən müvafiq məhsullar üzrə beynəlxalq standartların tələbləri nəzərə alınmalıdır.

14.4. Müvafiq icra hakimiyyəti orqanları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları barədə müxtəlif vasitələrlə istehlakçıları tam və səhih informasiya ilə təmin edir, bu sahədə maarifləndirmə işləri aparır, ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin siyahısını mətbuatda dərc etdirməklə ictimaiyyəti məlumatlandırır.

IV fəsil

 

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi

Maddə 15. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının marketinqi və satışı

 

15.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı məhsulun istehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə müvafiq funksiyanı yerinə yetirən səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsi ilə həyata keçirilir.

15.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarında səmərəli marketinq strategiyasının formalaşmasının əsasını istehsalın həcmi və əmtəəlik səviyyəsi, məhsulların tez xarab olması xüsusiyyəti, satış bazarlarının yerləşmə məsafəsi, daşınma, saxlanma, satışın təşkili xərclərinin səviyyəsi və s. məlumatlar təşkil edir.

15.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji cəhətdən təmiz olduğunu təsdiq edən sertifikata malik olan hüquqi və ya fiziki şəxs, həmin məhsulları ekoloji təmiz məhsul kimi sata bilər.

15.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan hər bir şəxs onların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışmamasına və məhsulların spesifikliyinin qorunmasına məsuliyyət daşıyır.

15.5. Azərbaycan Respublikasında keyfiyyəti və təhlükəsizliyi milli standartların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıla bilər.

15.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi milli və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.

Maddə 16. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması

 

16.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları “EKO-keçid” və “EKO” sözləri göstərilməklə müvafiq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən markalanır.[17]

16.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərində keçid dövrü başa çatana kimi istehsal edilən məhsullara “EKO-keçid” markası vurulur.

16.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir.

16.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları kimi markalanır və etiketi üzərində “EKO” sözü göstərilir.

16.5. Yerli və idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bu məhsulların standartlarına uyğun emal edildikdə alınan məhsul ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi markalanır.

16.6. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu hesab edilmir və ümumi qaydada markalanır.

16.7. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilir. Etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır:

16.7.1. istehsal və emal müəssisənin adı, ünvanı və milli əmtəə nişanı;

16.7.2. ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı;

16.7.3. ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların adı;[18]

16.7.4. məhsulun saxlanma şəraiti;

16.7.5. məhsulun istehsal tarixi və yararlılıq müddəti;

16.7.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağasına dair göstəriş.

16.8. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına qoyulan tələblərə cavab verməsini özündə əks etdirən məlumatlar göstərilməli, müvafiq qanunvericiliyə uyğun hazırlanmış milli əmtəə nişanı olmalıdır.

16.9. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməsi haqqında göstərilməlidir. [19]

16.10. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 17. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması

 

17.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları saxlanma yerlərində (anbarlarda, soyuducularda) ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmamalı və icazə verilməyən maddələrlə çirkləndirilməməlidir.

17.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanmasında qanunvericiliklə nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər.

17.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması müddətində məhsulun keyfiyyətinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol verilmir.

17.5. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlarda saxlanılır.[20]

17.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, habelə ekoloji müşahidə aparılmasına imkan verməlidir.

Maddə 18. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı

 

18.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

18.2. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalını və ixracını belə məhsulların dövriyyəsi ilə məşğul olmağını təsdiq edən müvafiq sənəd (sertifikat) almış sahibkarlıq subyektləri həyata keçirirlər.

18.3. Azərbaycan Respublikasına satış məqsədilə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları aşağıdakı tələblərə cavab verdikdə idxal oluna bilər:

18.3.1. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyəti bu sahədə qüvvədə olan milli və beynəlxalq standartların tələblərinə uyğun olduqda;

18.3.2. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının beynəlxalq sertifikatının orijinalı birinci alıcıya qədər məhsulu müşayiət etdikdə;

18.3.3. idxal edilən məhsulun ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal olunduğunu təsdiq edən sənədləri olduqda;

18.3.4. idxal edilən məhsulun uyğunluq, keyfiyyət və fitosanitar sertifikatları olduqda.

18.4. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. [21]

V fəsil

 

Ekoloji təmiz kənd təsərrüfatının maliyyə və elmi təminatı, beynəlxalq əməkdaşlıq və qanunvericiliyin pozulmasına görə məsuliyyət

Maddə 19. Ekoloji təmiz kənd təsərrüfatının maliyyə təminatı

 

19.1. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafının maliyyə təminatı investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən bu fəaliyyətdən əldə edilən vəsaitlər və digər mənbələr hesabına formalaşır.

19.2. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

19.3. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihəsinə investisiyaların cəlb edilməsinə, dünyada geniş yayılmış yüksək məhsuldar bitki sortlarının və heyvan cinslərinin idxal edilməsinə, elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühit yaradılır.

Maddə 20. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı

 

20.1. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının əsas məqsədi xəstəliklərə, zərərvericilərə davamlı və yerli şəraitə uyğunlaşmış yüksək məhsuldar bitki sortlarının və heyvan cinslərinin geniş yayılmasını təmin etmək, torpaqların münbitliyinin bərpası və artırılması, üzvi gübrə və kompostların hazırlanması texnologiyalarının elmi əsaslarını müəyyən etmək və ekoloji təmiz kənd təsərrüfatının inkişafına zəmin yaratmaqdır.

20.2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı aşağıdakı istiqamətlərdə aparılır:

20.2.1. ekoloji təmiz kənd təsərrüfatı üzrə mütəxəssislərin və ixtisaslı kadrların hazırlanması;

20.2.2. kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi kursların, seminarların və konfransların təşkili, xarici ölkələrdə keçirilən belə tədbirlərdə fermerlərin və mütəxəssislərin iştirakı;

20.2.3. elmi-tədqiqat işlərinin aparılması;

20.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili və maarifləndirilməsi işinin təşkili, informasiya yayımının genişləndirilməsi;

20.2.5. ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi, jurnalların və kitabların nəşr edilməsi;

20.2.6. bu sahədə əldə edilən elmi nailiyyətlərin istehsala tətbiqinin təmin edilməsi, sərgilər və yarmarkaların təşkili.

20.3. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

Maddə 21. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq

 

21.1. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.

21.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ekoloji təmiz kənd təsərrüfatı sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Maddə 22. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 23. Mübahisələrin həlli

 

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, markalanması, saxlanması, daşınması və satışı ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll olunur.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il

№ 650-IIIQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1 fevral 2013-cü il tarixli 550-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2013-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 206)
  2. 22 oktyabr 2013-cü il tarixli 778-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1293)
  3. 28 oktyabr 2014-cü il tarixli 1093-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1367)
  4. 14 iyun 2016-cı il tarixli 285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 iyul 2016-cı il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1238)
  5. 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 1.1.4-cü maddədə “ekoloji təmiz kənd təsərrüfatının tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə, “sertifikatlaşdırma orqanı” sözləri “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilmişdir.

[2] 1 fevral 2013-cü il tarixli 550-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2013-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 206ilə 4.0.1-1-ci maddə əlavə edilmişdir.

[3] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 5.0.8-ci maddədə “və sertifikatlaşdırma üzrə orqanları” sözləri “orqanları və uyğunluğu qiymətləndirən qurumları” sözləri ilə, “akkreditasiya sənədləri” sözləri “akkreditasiya attestatı” sözləri ilə əvəz edilmişdir.

[4] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 5.0.9-cu maddədə “və sertifikatlaşdırma” sözləri çıxarılmışdır və “uçotunu” sözündən sonra “və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrini” sözləri əlavə edilmişdir.

[5] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 5.0.10-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.0.10. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən qüvvədə olan normativ hüquqi aktların və normativlərin pozulması müəyyən edildiyi hallarda onlara verilmiş akkreditasiya sənədlərinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul etmək;

[6] 14 iyun 2016-cı il tarixli 285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 iyul 2016-cı il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1238) ilə 7.0.7-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 7.0.8-ci maddə əlavə edilmişdir.

[7] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 10.5-ci maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilmişdir.

[8] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 11.1-ci maddədə “və sertifikatlaşdırma orqanının təklifi əsasında” sözləri “nəzərə alınmaqla, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəyi əsasında” sözləri ilə əvəz edilmişdir.

[9] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 11.2.5-ci maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların” sözləri ilə əvəz edilmişdir.

[10] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 11.2.6-cı maddədə “sertifikatlaşdırma orqanlarının” sözləri “uyğunluğu qiymətləndirən qurumların” sözləri ilə əvəz edilmişdir.

[11] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 12-ci maddənin adında “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir.

[12] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 12.1-ci maddədən “və sertifikatlaşdırma” və “və ayrı-ayrılıqda fəaliyyət göstərirlər” sözləri çıxarılmışdır, “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

[13] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə yeni məzmunda 12.1-1-ci maddə əlavə edilmişdir.

[14] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 12.2-ci maddədə “Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri “Ekoloji müşahidə üzrə akkreditasiya edilmiş orqanlar və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir.

[15] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 12.3-cü maddədən “və sertifikatlaşdırma” sözləri çıxarılmışdır.

[16] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 13.3-cü maddədə “ərzaq məhsullarının” sözlərindən sonra “, idarəetmə sistemlərinin” sözləri əlavə edilmişdir.

[17] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 16.1-ci maddədə “sertifikatlaşdırma orqanı” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir.

[18] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 16.7.3-cü maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların adı” sözləri ilə əvəz edilmişdir.

[19] 22 oktyabr 2013-cü il tarixli 778-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1293) ilə 16.9-cu maddəsində “Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə” sözləri çıxarılmışdır, “istifadə haqqında məlumatlar” sözləri “istifadə edilməməsi haqqında məlumat” sözləri ilə əvəzedilmişdir.

[20] 14 aprel 2017-ci il tarixli 602-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 714ilə 17.5-ci maddədə ismin müvafiq hallarında “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri ismin müvafiq hallarında “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir.

[21] 28 oktyabr 2014-cü il tarixli 1093-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1367) ilə 18.4-cü maddəsində “istifadə haqqında məlumatlar” sözləri “istifadə edilməməsi haqqında məlumat” sözləri ilə əvəz edilmişdir.

Bənzər xəbərlər